Cins: Fumaria - Şahtərə print

Şimal yarımkürəsinin isti və mülayim iqlimli ölkələrində 40 növü yayılmışdır. Azərbaycanın əksər rayonlarında arandan orta dağ qurşağınadək əkinlərdə, quraq yerlərdə alaq bitkiləri arasında, yarımsəhra bitkiliyində, daşlı yamaclarda rast gəlinən 6 növü məlumdur. Yarpaqları 2-3 qat lələkbölümlüdür. Birillik bitkilərdir.

Qeyri-müntəzəm çiçəkləri seyrək və ya sıx çiçəkli salxıma yığılmışdır. Kasa yarpaqları 2 ədəd olmaqla, pərdəşəkillidir, tez töküləndir və ya bəzən kasacıq yoxdur. Ləçəkləri 4 ədəd, çəhrayı, tünd çəhrayı və ya ağ rənglidir. Tacda kənar tərəfdə yerləşən ləçək başlıqlarına nisbətən iridir, onun aşağı hissəsində torbayabənzər mahmız vardır. Erkəkciklərin sapı enlidir, yuxarısında 3 bölümlüdür, bölmələrin ucunda 3 ədəd tozluq yerləşir. Onlardan ortadakı tozluq 4, yandakılar isə 2 yuvalıdır. Dişciyi  2 meyvə yarpağından təşkil olunmuşdur. Yumurtalığında 1 ədəd yumurtacıq olur, meyvəsi birtoxumlu fındıqcadır.