Fəsilə: Iridaceae - Süsənkimilər print

Fəsiləyə 75-80 cins üzrə 1800-ə qədər növ daxildir. Tropik, subtropik və mülayim iqlimli ölkələrdə, əsasən, Cənubi Afrika, tropik Amerika və Aralıq dənizi ölkələrində yayılmışdır. Kökümsovlu, soğanaqlı, soğanaqlı-yumrulu çoxillik bitkilərdir, yalnız tropik qurşaqda yarımkol formaları vardır. Yarpaqları xətvaridir, qılınca bənzərdir. Çiçəkləri ikicinsli, müntəzəm və ya ziqomorfdur. Çiçəkyanlıqları 6 yarpaqdan təşkil olunub, tacvaridir. Erkəkcikləri 3 ədəd, dişiciyi 3 yuvalı, yumurtalığı alt vəziyyətdə, sütuncuğu 3 bölümlüdür. Meyvələri qapaqlarla açılan çoxtoxumlu qutucuqdur. Fəsilənin cinslərə ayrılmasında kökümsov və soğanağın quruluşu, forması, dişiciyin sütuncuğunun əlamətləri əsas götürülür.

Azərbaycanın təbii bitki örtüyündə fəsilənin 3 cinsə aid 33 növü vardır.

  • Cins: Iris - Süsən
  • Cins: Gladiolus - Qladiolus və ya qarğasoğanı
  • Cins: Crocus - Zəfəran

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.