Fəsilə: Graminae - Taxıllar print

Taxıllar fəsiləsi 650 cins üzrə 10.000-ə qədər növü əhatə edir. Onlar dünyanın bütün ölkələrində yayılmışdır. Əksər növlərin tropik qurşaqda yayılmasına, mülayim qurşağın çəmən bitkiliyində üstünlük təşkil edir.
Taxıllar digər ali bitkilərdən xarici görünüşü ilə asan seçilir. Bunlarda gövdə düyüm və düyüm aralarına bölünür. Düyüm aralarının içərisi, adətən, boş olur, az hallarda, düyüm aralarının içərisi yumşaq parenxim toxuması ilə tutulur (Zea). Yarpaqları xətvaridir, aşağısında düyüm aralarını əhatə edən qın əmələ gəlir. Yarpaq ayasının qına keçən yerində, üst tərəfdə ortada pərdəşəkilli pulcuq kimi çıxıntı – dilcik var. Bəzi növlərdə dilciyin hər iki tərəfində qının kənarı pulcuğabənzər xətvari çıxıntı əmələ gətirir ki, bu qulaqcıq adlanır. Bəzi növlərdə isə dilcik olmur. Dilcik və qulaqcığın olub-olmaması taxılların təsnifatında istifadə olunan nişanələrdir.
Taxıllar əksərən, birillik və ya çoxillik otlardır. Kök sistemi saçaqlıdır. Çoxillik növləri kökümsovludur (Phragmatis, Cynodon), nadir hallarda gövdənin aşağı hissəsi soğana bənzər qalınlaşır. Taxılların çiçəkləri küləklə tozlanmaya uyğunlaşdığından bunlarda əlvan çiçəkyanlıqları yoxdur. Əsasən, çarpaz tozlanan, bəzən klystoqam (çiçək açılana qədər öz-özünü tozlandırma) bitkiləridir. Çiçəkyanlığı 2 dairədə yerləşən pulcuqlardan təşkil olunmuşdur. Xarici dairədə 2 ədəd pulcuq (aşağı və yuxarı çiçək pulcuqları) vardır. Aşağı çiçək pulcuğu çiçəyin qaidəsində yerləşir. Bir çox növlərdə çiçək pulcuğunun arxa tərəfində qılcıq olur, pulcuq yuxarısında dişcikli və ya tam olur. Yuxarı çiçək pulcuğu nisbətən kiçikdir, arxa tərəfində damarları var, bəzən pulcuq heç olmur.
Çiçək pulcuqlarından üstdə zərvari lodikula pulcuqları yerləşir. Lodikula 2, 3, 1 ədəd olur, bəzən heç olmur. O, erkəkcik və dişiciyin qaidəsində yerləşir və onun açılmasına kömək edir. Lodikula mühüm sistematik əhəmiyyətə malikdir. Erkəkciklər 3, 2, 1 və ya 6 sayda olur, sapı nazikdir, tozluqları sapa ortasından bitişir. Dişiciyi 2 meyvə yarpağının bitişməsindən əmələ gəlib, yumurtalığı üstdür. Ağızcığı əksərən oturaq, 2 bölümlü (streptoxet və bambuqlarda 3 bölümlüdür), ağızcığın bölümləri isə lələkvaridir (qarğıdalıda sapşəkillidir). Taxılların yumurtalığında 1 ədəd yumurtacıq olur. Çiçək əksərən ikicinsli, bəzən (qarğıdalıda) bircinsli olur.
Fəsilənin növlərində çiçəklər sünbülcük çiçək qrupuna yığılır. Sünbülcüklər isə sünbül, süpürgə, kəkil (sultan), ətli sünbül kimi mürəkkəb çiçək qruplarına yığılır. Mürəkkəb sünbül çiçək qrupu buğda, arpa, çovdar və ayrıqotunda müşahidə olunur. Mürəkkəb süpürgə çiçək qrupuna isə vələmir, dişə, darı növlərində rast gəlirik. Süpürgə çiçək qrupunun oxu üzərində sünbülcüklər uzun, çox vaxt budaqlanan ayaqcıq üzərində yerləşir. Kəkil (sultan) mürəkkəbçiçək qrupunu tülküquyruğu, pişikquyruğu, bülbülotu növlərində görmək olar. Bu zaman sünbülcüklər çiçək qrupunun oxu üzərində qısa ayaqcıq üzərində oturur. Qarğıdalı bitkisində çiçək qrupunun oxu qalınlaşmış və ətli sünbül adlanır. Çox hallarda sünbülcüklər salxım və ya başcığabənzər çiçək qrupuna toplanır. Tam inkişaf etmiş sünbülcük oxdan və onun üzərində yerləşən çiçəkdən təşkil olunur (çiçəklər 1-10 və çox olur).
Fəsilənin təsnifatında çiçək qrupunun, sünbülcüklərin və çiçəklərin əlamətlərindən istifadə olunur, həmçinin vegetaitv orqanların nişanələri, toxumun quruluşu, yarpaq ayasının anatomik quruluşu əhəmiyyətlidir.
Azərbaycan taxıllarını tədqiq etmiş S.Musayev (1991) respublikamızda 120 cins üzrə 454 növün olmasını qeyd edir. Bunlar biçənəklərdə, yaylaq və qışlaqların bitki örtüyündə daha çox yayılmışlar. Becərilən taxıllar içərisində buğda, qarğıdalı və arpa mühüm yer tutur. Bir sıra ölkələrdə vələmir, çovdar, darı vəsorqo da yeyilən taxıl növləri kimi becərilir. Bu bitkilərin yaşıl kütləsindən, samanından, arpanın, darı və vələmirin dənindən eyni zamanda heyvanların yemlənməsində istifadə olunur. Şəkər qamışı şəkər alınan əsas bitkidir. Taxıllar heyvandarlıq üçün əsas yem bazasıdır.
S.Musayevin tədqiqatına görə, Azərbaycanda taxılların 21 növü qida, 278 növü yem, 30 növü dekorativ, 19 növü yaşıllaşdırmada qazon bitkisi kimi, 12 növ isə texniki bitki kimi qiymətlidirlər.

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.