Fəsilə: Caryophyllaceae - Qərənfilçiçəklilər print

Çiçəkli bitkilər içərisində ən iri fəsilələrdəndir. Dünyada bu fəsilənin 80 cins üzrə 2000-dən çox növü vardır. Dünyanın bütün kontinetlərində yayılmışdır. Onlara ən müxtəlif bitmə şəraitində rast gəlinir. Meşələrdə, çəmənlərdə, səhra və yarımsəhralarda alp qurşağınadək yayıla bilir. Bəzi mənbələrə görə, Himalay dağlarında bu fəsilədən olan sərilən cincilim növü dəniz səviyyəsindən 6000 m hündürlükdə qeydə alınmışdır. Qərənfilçiçəklilər ən çox Şimal yarımkürəsinin mülayim iqlimli ölkələrində, xüsusən, Aralıq dənizi, Qərbi və Orta Asiya ölkələrində yayılmışlar. Əksərən ot, bəzən yarımkol bitkilərdir. Gövdələri düyümlüdür. Yarpaqları sadə, tamayalı və tamkənarlı, çox vaxt xətvari və ya lansetşəkillidir, adətən, qarşılıqlı düzülür, qaidə hissəsində zəif qın əmələ gətirir. Çiçəkləri əksərən dixazi və ya qıvrım çiçək qrupuna yığılır, bəzən tək-tək yerləşir.
Çiçəkləri müntəzəm, əksərən ikicinsli, bəzi növlərdə (məsələn, bir sıra Silene və Otites növlərində) bircinslidir, 5 üzvlüdür və çiçək üzvləri 5 dairə üzrə yerləşir. Çiçək, adətən, çiçək altlığının əmələ gətirdiyi örtüklə əhatə olunur.
Çiçəkyanlığı ikiqatdır, əksərən 5, bəzən 4 üzvlüdür. Kasa yarpaqları sərbəst və ya bitişik olur. Ləçəkləri sərbəstdir, yuxarısında bəzən 2 bölümlüdür. Çox vaxt ləçək qaidə hissəsində daralaraq dırnaqcıq əmələ gətirir. Bəzi növlərdə ləçəyin içəri tərəfində, onun enli hissəsinin (büküyün) dırnaqcığa keçən yerində ləçəyə bənzər çıxıntı olur. Bu çıxıntılar birgə əlavə tac əmələ gətirir. Erçəkcikləri, adətən 10, bəzən 5 və ya daha az olub,əksərən iki dairə üzrə yerləşir. Dişicik 5-2 meyvə yarpağından təşkil olunmuşdur. Yumurtalıq üstdür, sütuncuqları meyvə yarpaqlarının sayı qədər, yumurtacıqları isə əksərən çox olur.
Bəzi nümayəndələrində çiçək yanlığının daxili dairəsi və erkəkciklərin bir dairəsi reduksiya edir, yumurtacıqların sayı isə azalır. Meyvələri qapaqlarla və ya dişciklərlə açılan, çoxtoxumlu qutucuq və ya birtoxumlu fındıqca, bəzi növlərdə isə giləmeyvədir. Fəsilənin Azərbaycanda 35 cins üzrə 210 növü qeydə alınmışdır.

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.