Cins: Quercus - Palıd print

Şimal yarımkürəsinin mülayim və tropik iqlimə malik ölkələrində 600-ə qədər növü yayılıb.

Azərbaycanda 9 palıd növü vardır. Bundan əlavə, Azərbaycanda bir neçə palıd növü geniş becərilir (Q.suber, Q.ilex, Q.occidentalis və b.). Palıd növləri Azərbaycanda əksər rayonlarda geniş yayılmışdır və meşə massivləri əmələ gətirir. Şabalıdyarpaqlı palıd Lənkəran zonasında, az miqdarda İsmayıllı rayonu ərazisində yayılıb. Yarpaqları sadə, tam kənarlı və ya kənarı dişli, ayası çox vaxt lələkvarı bölümlüdür. Yarpaqları açılarkən çiçəkləyir. Erkəkcik daşıyan çiçəkləri uzun, sallaq sırğalara yığılmışdır. Sırğanın oxu üzərində çiçəklər pulcuqşəkilli çiçək altı yarpağın qoltuğunda tək-tək yerləşir. Çiçək yanlığı 4-7 bölümlüdür, erkəkciyi 4-12 olur. Dişicik daşıyan çiçəkləri də çiçək qrupu oxu üzərində tək-tək yerləşir. Çiçək yanlığı çox kiçikdir, iki dairədə yerləşən 6 yarpaqcıqdan təşkil olunmuşdur. Dişicik 3 meyvə yarpağının bitişməsindən əmələ gəlmişdir. Sütuncuğu və ağızcığı 3, yumurtalığı 3 yuvalı, hər yuvasında 2 yumurtacıq olur. Yumurtacıqlarından ancaq 1-i inkişaf edir, meyvə əmələ gətirir. Meyvəsinə qoza deyilir, qoza qaidə hissəsində çanaqcıqla əhatə olunur. Palıd növləri çoxyaşlı, relikt bitkilərdir. Tikinti materialı, dekorativ, boya, aşılayıcı, dərman bitkiləri kimi çox qiymətli bitkilərdir. Palıd meşələrinin torpaq eroziyasının qarşısının alınmasında və su rejiminin tənzim olunmasında rolu böyükdür. Buasye palıdı və şabalıdyarpaqlı palıd növləri “Qırmızı kitab”a daxil edilmişdir.