Növ: Castanea sativa - Əkin şabalıdı print

Ona Böyük və Kiçik Qafqaz, Lənkəran və Qarabağda, dağ yamaclarında, əsasən, aşağı dağ qurşağı ərazilərində rast gəlinir. Fıstıq, vələs-fıstıq və b.meşə formasiyaları tərkibində yayılmışdır, bəzən isə ayrıca meşəlik əmələ gətirir. Azərbaycanın bir çox rayonlarında əkilir. Şabalıd ucaboylu, qalıngövdəli və çox yaşayan ağacdır. Yarpaqlarının kənarı iridişlidir. Çiçəkləri dikduran olub, sünbüləbənzər sırğaya yığılmışdır. Sırğada yuxarıda erkəkcik daşıyan çiçəklər, aşağıda dişicik daşıyan, orta hissədə isə bəzən ikicinsli çiçəklər yerləşir. Erkəkcik daşıyan çiçəklərdən ibarət dixazi 3-7 çiçəkli, dişicik daşıyan çiçəklərdən təşkil olunmuş dixazi isə həmişə 3 çiçəkli olur. Dişicik 3-6 və ya daha çox meyvə yarpağının bitişməsindən əmələ gəlir, bununla əlaqədar ağızcıqların sayı da müxtəlif olur. Dişicik daşıyan çiçəklərdən ibarət dixazi iri, çanaqcıqla əhatə olunur. Çanaqcıq 4 qapaqla açılır, üzəri yumşaq iynəvarı tüklərlə örtülü olur. Çanaqcığın çiçəkaltlığı yarpaqlarından əmələ gəldiyi güman olunur. Çanaqcıqda 3 ədəd birtoxumlu fındıqca tipli meyvə yerləşir. Relikt bitkidir. Oduncağından, meyvəsindən istifadə olunur. Həmçinin vitaminli, aşı maddəli, boyaq bitkisi kimi faydalıdır. “Qırmızı kitab”a daxil edilib.