Cins: Alnus - Qızılağac print

Avroasiya, Şimali Amerika və Qafqazda yayılan 30-a yaxın növü var. Azərbaycanda 3 növü yayılmışdır. Onlar respublikanın əksər rayonlarında yuxarı dağ qurşağınadək çayların kənarlarında, rütubətli yerlərdə yayılmışdır. Hündür ağaclardır. Erkəkcik daşıyan çiçəklərin dixazisi sırğaya yığılmışdır. Dixaziləri 3 çiçəklidir. Erkəkcikləri 4 ədəd, erkəkciyin sapı qısadır. Dişicik daşıyan çiçəkləri qozayabənzər mürəkkəb sırğaya yığılır. Qozanın oxu üzərində dixazilər yerləşir, dixaziləri 2 çiçəklidir. Meyvə yetişən zaman ağaclaşan pulcuqludur. Meyvələri fındıqcadır. Qızılağac növlərinin oduncağı qiymətlidir, onlar həmçinin aşılayıcı, balverən, vitaminli və dekorativ bitkilər kimi də faydalıdırlar.