Cins: Corylus - Fındıq print

Əsasən, Şimal yarımkürəsində yayılan 20 növündən Azərbaycanda 2 növü vardır. Onlara respublikanın əksər rayonlarında, arandan yuxarı dağ qurşağınadək meşələrdə, xüsusən palıd-vələs meşələrində və kolluqlarda rast gəlinir. Adi fındıq qiymətli bitki kimi geniş becərilir (Şəki-Zaqatala bölgəsi).Fındıq yarpaqlanmadan xeyli əvvəl fevral-mart aylarında çiçəkləyir. Yarpaqları mart-aprel aylarında açılır, meyvələri avqust-sentyabr aylarında yetişir. Fındıq, adətən, 3-4 metrə qədər hündürlükdə koldur. Yarpağın ayası girdə və ya uzunsov, qaidə hissəsində azca qeyri-bərabər, ürəkvarı şəkildə olur.

Erkəkcik daşıyan çiçəklər yığılmış sırğalar 2-5 sayda olmaqla, yanaşı əmələ gəlir. Sırğanın oxu üzərində örtücü yarpağın qoltuğunda yerləşən dixazilər düzülür. Dixaziləri birçiçəklidir. Erkəkcik daşıyan çiçəyin yanlığı olmur və çiçəkdə 4 ədəd, hər biri iki bölünmüş erkəkcik olur. Dişicik daşıyan çiçəklərdən ibarət dixazisi tumurcuq daxilində yerləşir və tumurcuqdan kənara onun ancaq ağızcıqları çıxır. Dişicik daşıyan çiçəklərdən təşkil olunmuş dixazidə birinci çiçək inkişaf etmir, amma həmin çiçəyin 2 ədəd çiçəkaltlığı yarpağı inkişaf edir. Onların qoltuğundan dixazinin 2 yan budağı əmələ gəlir. Yan budaqlar çiçəklə nəhayətləndiyindən dixazi ikiçiçəklidir və hər çiçək 3 çiçəkaltı yarpağı ilə əhatə olunur. Çiçəkaltı yarpaqlar iriləşir və meyvəni əhatə edən çanaqcığı əmələ gətirir. Çanaqcığı açıq-yaşıl rənglidir, kənarı dişlidir. Fındığın meyvəsi 2-5 birgə dəstə şəklində əmələ gəlir. Qida bitkisi olmaqla yanaşı vitaminli, aşılayıcı, boya, texniki və dekorativ bitki kimi də faydalıdır.