Cins: Carpinus - Vələs print

Şimal yarımkürəsinin mülayim iqlimli ölkələrində 25 növü yayılmışdır. Azərbaycanda 3 növünə rast gəlinir. Onlar respublikanın əksər rayonlarında, arandan yuxarı dağ qurşağınadək (1900 m) meşəliklər əmələ gətirir.

Qafqaz vələsi 20 m-dək hündürlüyü olan ağac olub, Azərbaycanda daha geniş yayılmışdır. O, həm təmiz meşəliklər, həm də palıd və vələs ağacları ilə birgə  qarışıq meşələr əmələ gətirir. Bu meşələr respublikada fıstıq meşələrindən sonra 2-ci yeri tutur və ümumi meşə sahəsinin 26%-ni təşkil edir. Cinsin digər növləri əsasən iri kollar və ya alçaq boylu ağaclardır. Onlardan şərq vələsi və şuşa vələsi daha geniş yayılmışdır.

Yarpaqlarının kənarı dişlidir. Yumurtalığı 2 yuvalı olub, hər yuvasında bir yumurtacıq vardır. Meyvəsinin çanağı yuxarısında açıq, yarpağa bənzər, 3 bölümlü və ya kənarı dişlidir.

Vələs növləri Azərbaycanda meşə əmələ gətirən əsas ağaclardan biridir. Oduncağı bərk olduğu üçün müxtəlif alətlər hazırlamaq üçün və inşaat materialı kimi istifadə olunur. Vələsin qabığı gön aşılamaq və içəri hissəsi yunu sarı rəngə boyamaq üçün işlədilir. Vələsin oduncağının kömürü yüksək keyfiyyətli olur.