Cins: Rhododendron - Rododendron və ya xanıməli print

Şimal yarımkürəsinin mülayim qurşağında, əsasən Şərqi Himalay, Şərqi Asiya ölkələrində, həmçinin Şimali Amerikada yayılan 400-dən çox növü vardır. Azərbaycanda 2 növü yayılıb. Onlara Böyük Qafqazın qərb zonasında meşənin yuxarı sərhədində, subalp və alp çəmənliklərində ayrı-ayrı və qruplar halında rast gəlinir. Fəsilənin digər cinsindən yarpaq və çiçəklərinin iri olması, meyvəsinin qutucuq tipində olması və üst yumurtalığa malik olması ilə seçilir. Relikt bitki sayılan rododendron olduqca dekorativ bitkidir (xüsusən çiçəkləyən vaxtı). O, həmçinin dərman, bal verən, efiryağlı, aşı maddəli bitki kimi qiymətlidir. Hər 2 növ arealı kiçilən nadir növ kimi “Qırmızı kitab”a daxil edilib.