Cins: Diospyros - Xurma print

Tropik və subtropik ölkələrdə yayılan 500 növündən Azərbaycanda yabanı halda 1, kulturada 2 növə (yapon xurması, Virginiya xurması) rast gəlinir. Yabanı bitən adi xurma (D.lotus) Böyük və Kiçik Qafqaz, Alazan-Əyriçay vadisi, Lənkəran və Bozqır yaylada arandan orta dağ qurşağınadək meşəlik əmələ gətirir və ya digər ağac cinsləri ilə birlikdə qarışıq meşəlik əmələ gətirir. Talışda daha geniş meşəlikləri vardır. Bu növ həmçinin bəzək və meyvə ağacı kimi bir sıra rayonlarda becərilir.

Xurnik qışda yarpağını tökən, hündürlüyü 25 m-ə qədər, gövdəsinin yoğunluğu 80 sm-ə qədərolan iri ağacdır. Cavan budaqları hamar, azca yaşıl rənglidir. Yarpaqları uzunsov, yumurtavarı və ya enli lansetşəkillidir. Erkəkcikdaşıyan çiçəkləri 2-5 çiçəkli, çətirəbənzər çiçək qrupuna yığılır, dişicik daşıyanlar isə tək-tək yerləşir. Kasa yarpaqları 4-5 bölümlü olub, yaşıldır. Meyvə yetişəndə iriləşir və meyvənin yanında qalır. Tacı qonur, qırmızı və ya ləkəli-çəhrayı rəngli olur. Giləmeyvələri lətləşmişdir, xırdadır.

Yapon xurması (D.kaki) 10-12 m hündürlüyündə, yarpağı tökülən ağacdır. Vətəni Şimali Çin və Yaponiyadır. Bir çox ölkələrdə geniş becərilən subtropik meyvə ağacıdır. Azərbaycanda aran və dağ ətəyi (Lənkəran, Astara, Masallı, Göyçay, Ağdaş, Ağdam, Gəncə, Zaqalala və s.) rayonlarda becərilir.

Virginiya xurması (D.virginiana) qışda yarpağı tökülən iri ağacdır. Lənkəran rayonunda becərilir. Meyvələri qida kimi qiymətlidir, həmçinin vitaminli, bal verən və dekorativ bitkilərdir.