Növ: Ficus carica - Adi əncir print

Böyük Qafqaz, Lənkəran və Naxçıvanda orta dağ qurşağınadək tək-tək və qruplar halında humuslu, daşlı torpaqlarda, qarışıq meşələrdə yayılıb.

Hündürlüyü 20 m-ə qədər, gövdəsinin diametri 20-40 sm olan ağac və ya kolşəkilli bitkidir. Kiçik fındıqca meyvələri oval, armudvari formalı meyvəyanlığının içərisində yerləşir. Adətən, əncir ağacı ildə 1-2 dəfə meyvə verir. Əncirin çiçəkləri iri oval və ya armudabənzər ətli, içərisi boş giləmeyvəni xatırladan və “sikoni” adlanan yarımqapaqlı çiçək qrupuna toplanır. Əncirin çiçəklərini görmək üçün sikonini açmaq lazımdır. Sikoni tipli çiçək qrupunun əmələ gəlməsini çiçək qruplarının uyğunlaşma və təbii seçmə istiqamətində təkamülü ilə izah edirlər. Çiçəklər bircinslidir.

Əncirdə 3 cür çiçək inkişaf edir:

1. erkəkcikli çiçəklər

2. qısa sütuncuqlu, adətən mayalanmayan “hal” adlanan dişicikli çiçəklər

3. uzun sütuncuqlu, mayalanan-meyvə verən dişicikli çiçəklər 

Yeməli, şirin əncirin meyvəsi uzun sütuncuqlu dişiciklərin mayalanıb inkişaf etməsi nəticəsində əmələ gəlir. Erkəkcikli və qısa sütuncuqlu (“hal”) dişicikli çiçəklər başqa çiçək qruplarında (sikonlarda) əmələ gəlir. Onlar adətən, xırda ölçülü və bərk qabıqlı (meyvəyanlıqlı) olurlar və onlarda tozcuğun və əncirin çiçəyini mayalandıran “blastofaqa” adlanan (Blastophaga psenes) arının sürfə mərhələsi inkişaf edir. Yabanı halda bitən əncir ağacında adətən, hər iki tip çiçək qrupları bir ağacda inkişaf edir. Lakin əksər becərilən ağaclarda uzunsütuncuqlu (meyvə verən) dişicikli çiçəklər bir ağacda, erkəkcikli və qısa sütuncuqlu (“hal”) çiçəklər isə başqa ağacda (belə ağaclar kaprifiqa adlanır) yerləşirlər. Belə halda əncir özünü ikievli bitki kimi aparır və mayanlanma çətinləşir. Bu halda kulturada olan əncir ağacları arasındayabanı əncir ağacları əkirlər və yaxud erkəkcikli (kaprifiq) budaqlar onların çətiri arasına qoyulur. Bu üsul “kaprifikasiya” adlanır və ondan hələ qədim yunanlar istifadə etmişlər. Əncir 1 ildə bir neçə dəfə çiçəkləyir. Kaprifiqa adlandırılan fərdlərdə adətən 3 dəfə çiçəkləmə baş verir: erkən yaz, yay və payız.

Payız vaxtı çiçəklərdə (kaprifiqlərdə) erkəkciklər inkişaf etmir və o yalnız arının sürfə mərhələsini inkişafına xidmət edir. Əncirdə əsasən, 1-2 generasiya (çiçəkləmə) baş verir (yay və payız). Çiçəkləmənin müxtəlif dövrlərdə baş verməsi, əlbəttə, çiçəyi mayalandıran həşəratın(arının) inkişafı ilə əlaqədardır. Çünki arının həyatı tamamilə əncirdən, əncirin çiçək və meyvəsinin inkişafı isə arıdan asılıdır.

Erkən yazda arının dişi fərdi cavan çiçək qrupunun yastılaşmış təpə hissəsindəki ensiz kanalcıqdan onun daxilində keçir və yumurtasını “hal” çiçəklərin yumurtacıqlarına qoyur. Bu yumurtacıqlardan sürfələr çıxır və onlar inkişaf edərək yetkin fərdə (arıcıqlara) çevrilir. Bu yayın əvvəlində baş verir. Bu fərdlər iki cür olur: erkək və dişi arıcıqlar. Buradaca onlar arasında mayalanma baş verir. Erkək arılar dişilərdən fərqli olaraq qanadsızdırlar (dişilər qanadlıdırlar ) və yetkin halda bir neçə saat yaşaya bilirlər.Onlar burada dişi arıları mayalandıraraq özləri məhv olurlar. Beləliklə, erkək arının inkişaf dövriyyəsi bir sikonun içərisində başa çatır. Mayalanmış dişi arı sikonidən ( çiçək qrupundan) onun təpə hissəsindəki yoldan sürünərək kənara çıxır. Kənara çıxarkən öz yolunda sikonun içərisindəyetkin erkəkcikli çiçəklərə toxunur və onların tozcuqları arının bədəninə yapışaraq onunla birlikdə aparılır. Arı qısa sütuncuqlu (“hal”) dişiciyi olan çiçəkləri axtarırki, öz yumurtasını onun yumurtacığı na qoysun. Bu zaman istər istəməz əsl sikonlara da daxil olur və uzunsütuncuqlu dişiləri öz üzərində olan tozcuqlarla mayalandırır. Lakin o üz yumurtasını bu cür çiçəkli sikonlara qoya bilmir, çünki o yumurtasını yalnızqısasütuncuqlu dişiciyə qoya bilər. Beləliklə “hal çiçəkləri” axtaran dişi arıların bir qismi məhv olur, digər qismi isə payız çiçək qrupunu (kaprifiqləri) tapır və öz yumurtasını onun qısasütuncuqlu “hal” çiçəklərinin yumurtacıqlarına qoyur. Payız kaprifiqləri içərisindəki arı yumurtacıqları ilə birlikdə qışı keçirir və növbəti ilin yazında sürfələrdən çıxan yeni nəsli (arılar) inkişaf edir, uçaraq təzə açmış çiçək qruplarına daxil olur və yenidən yuxarıda qeyd olunan qaydada inkişaf dövriyyəsi başlıyır.

Qiymətli qida, dərman bitkisidir. Meyvəsi yeyilir, tərkibində çoxlu şəkər, vitaminlər, karotin, dəmir və fosfor var. Yarpağından alınan şirələr müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur. Əncir ağacı 100-200 il yaşayır. Azərbaycanın “Qırmızı kitab”ına daxil edilib.