Cins: Cannabis - Kənaf print

Arealı genişdir, bütün Şimali Avroasiyanı tutur. Geniş surətdə becərildiyindən və asanlıqla yabanılaşdığından onun təbii və becərilən növlərinin areallarının sərhədlərini müəyyən etmək çətindir. Lifli və yağlı bitki kimi kənaf qədim dövrlərdən əkilir. Maraqlıdır ki, şimal qurşaqda təxminən 45 dərəcə şimal en dairəsinədək bu bitki narkotik xassəsini itirir (onda kannabinol əmələ gəlmir) və o qida, texniki bitki kimi və toxuculuqda istifadə olunur. Cənubda isə, əsasən, Asiyada (Çin, Şimali Hindistan, Pakistan, Əfqanıstan, Türkiyə), eləcə də Afrikada, Şimali və Cənubi Amerikada kənaf narkotik və dərman vasitəsi kimi becərilir. Narkotik vasitə kimi bitkinin dişicikli fərdlərinin qurudulmuş çiçək qrupu, yarpağı və zoğu istifadə olunur. Hazırda dünyada kənaf kulturası əraziləri milyonlarla hektar sahələri əhatə edir. Odur ki, Cənub ölkələrdə kənaf bitkisinin əkilməsi, istifadəsi, satışı qanunla qadağan edilir. Bununla əlaqədar BMT-yə daxil olan ölkələr Vahid Konvensiya imzalamışlar. Azərbaycanda da kənafdan narkotik bitki kimi istifadə qadağandır və buna qarşı mübarizə üzrə dövlət orqanları iş aparır.

Azərbaycanda yabanı halda əksər rayonlarda çay vadilərində, alaqlı yerlərdə yayılıb. Cinsin növlərini bir-birindən meyvələrinin formalarına görə fərqləndirirlər. Azərbaycanda rast gələn hər 2 növ ot bitkisidir. Yarpaqları barmaqşəkilli bölümlüdür. Bircinsli, ikievli bitkidir. Yəni erkəkcikli çiçəklər bir bitki üzərində, dişicikli çiçəklər isə başqa bitki üzərində yerləşir. Erkəkcikli və dişicikli bitkilər bir-birindən kəskin fərqlənirlər. Bu fərq çiçək qruplarında xüsusən aydın görünür (erkəkcikli çiçək qrupu salxımşəkilli olduğu halda, dişicikli çiçək qrupu sünbülşəkilli olur).

Azərbaycanda yayılan növlər morfoloji nişanələri ilə bir-birindən çox çətin seçilir. Əsas nişanələr toxumun rəngi, onun səthinin hamar və qırışıq olması, yetişəndə bitişdiyi yerdən qopub öz-özünə düşməsi və ya oraya bitişik qalmasıdır.

Əkin kənafında toxum bozumtul, səthi qismən kələ-kötür, yetişəndə adətən düşməyən (tökülməyən) olub, 4-5 mm uzunluqdadır. Alaq kənafında toxum tünd mərmər rənglidir. Səthi hamar, yetişəndə çətin tökülən, nisbətən xırda ölçüdə olur. Kənafın yerüstü hissəsində alkoloidlər, aşı maddələri və efir yağları var. Xalq təbabətində dəri xəstəliklərində, çiçəyin həlimindən ağrıkəsici kimi (xüsusən diş, mədə ağrıları zamanı) və qoturluğa qarşı istifadə edilir.