Cins: Euphorbia - Südləyən print

Dünyanın əksər tropik, subtropik və qismən mülayim iqlimli ölkələrində yayılan 2000-dən çox növü var. Çiçəkli bitkilər içərisində ən iri cinslərdən sayılır. Müxtəlif həyat formalarında rast gəlinir. Azərbaycanda əksər rayonlarda, arandan orta dağ qurşağınadək, bəzən yuxarı dağ qurşağında ən müxtəlifbitmə şəraitlərində 42 növü yayılmışdır. Cinsin geniş yayılan növlərilə yanaşı Azərbaycandan təsvir olunan (E. azerbajdzhanica, E. grossheimi, E. hyrcana, E. iberica, E. ledeborii, E. marschalliana) növləri də mövcuddur.

Bütün hissələrində süd şirəsi olan bir və çoxillik otlardır. Çiçəkyanlıqsız, bircinsli, bir, bəzən ikievli bitkilərdir. Çiçək qrupu mürəkkəb quruluşlu olub “siati” (badə formalı) adlanır. Dişicikli çiçək onu əhatə edən bir neçə erkəkcikli çiçəklərlə birlikdə 4-5 bölümlü “bokalın” içərisində yerləşir. “Bokalın” içərisində (mərkəzində) yerləşən dişicikli çiçəyin 3 yuvalı yumurtalığı “bokaldan” kənara çıxan ayaqcığı üzərində yerləşir. 3 sütuncuqlu, 2-ə bölünmüş ağızcığa malikdir. Erkəkcikli çiçəklərin hər biri 1 erkəkcikdən ibarətdir. Meyvəsi 3 bölümlü qutucuq tiplidir, 3 ədəd birtoxumlu fındıqcalara bölünür. Növlərin təyinində çiçəyin, eləcə də yarpağın, meyvənin, toxumun əlavəsinin və səthinin əlamətlərindən, həmçinin bitkini örtən tükcük və vəzciklərin nişanələrindən olunur. Mal-qara üçün zəhərlidir.