Cins Myriophyllum - Saçaqotu print

Dünyanın su hövzələrində, xüsusən Avstraliyada geniş yayılıb. Bu bitkinin 1.5 m-ə qədər uzunluğunda olan gövdəsi üzərində nazik sapşəkilli dəstələrə yığılan yarpaqları su altında iri cəngəllik əmələ gətirir. İlk baxışda yarpağı su bitkisi buynuzyarpağın (Ceratophyllum) yarpağına oxşayır, lakin diqqət yetirilsə çəngəlvari budaqlanan buynuzyarpaqdan asanlıqla seçilir. Azərbaycanda Kür-Araz ovalığı və Talışda göllərdə və bataqlıqlarda yayılan 2 növü var. Xırda, çəhrayı yaxud ağımtıl çiçəkləri seyrək sünbülşəkilli suyun üzərinə qalxan çiçək qrupuna yığılır. Bəzən bir sünbüldə 3 tip çiçək ola bilir: ikicinsli, erkəkcikli və dişicikli. Çiçəkləri küləklə tozlanır, həşəratla tozlanma halı da qeydə alınıb. Müstəsna hallarda öz-özünə də tozlanır. Vegetativ çoxalması turionları (qışı keçirən tumurcuqları) vasitəsilə və budağın hissələri ilə baş verir. Növləri bir-birindən yarpaqların əmələ gətirdiyi dəstələrin sayı və çiçəkaltlıqlarının əlamətləri ilə fərqlənir. Meyvəsi quru, bir neçə hissəyə (4) ayrılan çəyirdəkşəkilli meyvədir. Saçaqotu suyun hərarətinə daha çox həssasdır. Bu bitki su altında bir çox su heyvanlarının yaşaması üçün əlverişli məskən hesab edilir. Onların qidasını da təşkil edir. Onun toxumu xırda balıqların yaşayışı və qidalanması üçün çox faydalıdır.