Cins: Lawsonia - Həna + print

Təbii arealı Şimali Avstraliya və Hindistandan Ərəbistana, Şimali və Şərqi Afrikaya və Madaqaskara qədər uzanır. Asiya, Afrika və Tropik Amerikada becərilir. 90-cı illərdə bu bitkinin İrandan gətirilən toxum materialı ilə Azərbaycanda da geniş becərilməsinə nail olunmuşdur. Bitkinin qurudulmuş (xüsusi şəraitdə və texnologiyada) yarpaqlarından qəhvəyi rəng alınır və ondan çox qədim dövrlərdən, xüsusən Şərqdə saçın və dırnaqların boyanmasında istifadə etmişlər. Bitkidən alınan rənglə həmçinin yun, ipək məmulatları və qida məhsulları da boyanılır. Çiçəklərindən alınan efir yağı ətriyyatda istifadə olunur. Tərkibində aşılayıcı maddə də vardır. 

Gövdəsi budaqlanan, oturaq yarpaqları qarşı-qarşıya düzülən bitkidir. Çiçəkləri 4 üzvlü, ətirli, ağımtıl və yaşıl-çəhrayı rəngli olub, süpürgə çiçək qrupuna yığılır. Meyvəsi 4 yuvalı qutucuq meyvədir.