Növ: Trapa hyrcana - Hirkan sufındığı print

Sufındığı birillik (bəzi mənbələrə görə çoxillik) ot bitkisidir. Şarşəkilli, bozumtul kökləri ilə su hövzəsinin dibinə, orada toplanan lilə bərkiyir və ya sərbəst üzür. Yarpağı rombşəkilli, saplaqlıdır, kənarı dişciklidir. Çiçəkləri müntəzəm, ikicinsli, tək-tək yarpaqların qoltuğunda yerləşir. Meyvəsi birtoxumlu, çəyirdəkmeyvəyə oxşar, 2-4 buynuzcuğa oxşar çıxıntılıdır. Bəzii müəlliflər onun öz-özünə, digərləri həşəratla tozlanmasını qeyd edirlər. Onun çiçəkləri yalnız səhərlər bir neçə saata açıq olur. Meyvəsi uzun müddət (10-50 il) suda çürümədən qala bilir.

Sufındığı qiymətli qida bitkisi kimi insanlara qədim dövrlərdən məlumdur. O Cənub-Şərqi Asiya və Mərkəzi Afrika ölkələrinin əhalisi tərəfindən toplanılır və qida kimi istifadə olunur. Dərman və boya bitkisi kimi də faydalıdır.