Cins Erodium - Durnaotu print

Şimal yarımkürəsinin mülayim iqlimli ölkələrində, həmçinin Afrika, Avstraliya və Qafqazda yayılan 90-a yaxın növü var. Azərbaycanda 9 növü var. Durnaotu növləri birillik və ya çoxillik otlardır. Müxtəlif növlərinə arandan başlamış subalp qurşağına kimi, quraq yamaclarda, çəmənlərdə, əkinlərdə təsadüf olunur. Geniş yayılmış növlərindən Sikuta durnaotu göstərilə bilər. Şamaxı durnaotu növü 1928-ci ildə Şamaxının Hacı-Qasım yaylağından M.Saxokiyanın topladığı herbari əsasında təsvir edilib (tip). Durnaboğaz durnaotu növü də Azərbaycandan (Şahdağ) təsvir olunub. Fəsilə daxilində cinsi meyvəciyin əlavəsinin qövsvari əyilmiş deyil (ətirşahda belədir), spiralşəkilli burulması və 10 ədəd erkəkciklərindən yalnız 5-nin tozluğa malik olması ilə fərqləndirirlər (5 erkəkcik tozluğunu itirmişdir və staminodi adlanır). Cinsin növlərində çiçəklər ikicinslidir, müntəzəm, az hallarda qeyri-müntəzəmdir. Kasayarpağı 5, ləçəkləri 5, erkəkcikləri 10, yumurtalıq üst, 5 yuvalıdır. Meyvəsi 5 ədəd bir toxumlu meyvəciyə bölünür. Növləri əsasən meyvəciyinin yanında olan buruncuq adlanan çıxıntının ölçüləri və əlamətləri ilə asan seçilir.