Cins: Sambucus - Kəndəlaş print

Növlərinin arealı fəsiləninki kimidir. Azərbaycanda yabanı halda 2 növü var. 1 növü (Sambucus racemosa) park və bağlarda kulturada rast gəlir. Otvari kəndəlaş növü düzən və dağətəyi, qara kəndəlaş isə orta, bəzən yuxarı dağ qurşağınadək rütubətli, kölgəli meşəli dərələrdə, meşənin tala yerlərində yayılıb. Ot, kol və ağac bitkiləridir. Çiçəkləri xırda, qalxanvari çiçək qrupundadır. Yumurtalığı yarımalt, meyvəsi giləmeyvəyə oxşar çəyirdəkdir. Növləri həyat formalarına görə asan fərqləndirmək olur. Qara kəndəlaş kol və ya alçaqboylu ağac, digər növü otşəkillidir. Qiymətli dərman, aşı maddəli, boya bitkisidir. Qara kəndəlaşın oduncağından musiqi alətləri düzəldilir.