Cins: Campanula - Zəngçiçəyi print

Dünyanın əksər ölkələrində ən müxtəlif bitmə şəraitində cinsin 350-dən çox növü yayılıb. Azərbaycanda 42 növü var.

Bunlara əsas etibarilə orta və yuxarı dağ qurşağında olan rayonlarda, subalp çəmənlərində, çayların kənarında, otlu yamaclarda, meşənin ətrafında rast gəlmək olar. Əksərən, çoxillik, kökümsovlu, bəzən kökü qalınlaşmış və ya lətlənmiş, bəzi növləri isə ikiillik və ya birillik bitkilərdir. Yarpaqları oturaq və ya saplaqlıdır, növbəli yerləşir və ya gövdənin aşağısında dəstə şəklində yığılır. Çiçəkləri, müntəzəm, ikicinsli olub, əksərən süpürgə tipli çiçək qrupuna, bəzən salxıma yığılır və ya tək-tək yerləşir. Kasacığı dişiciyin yumurtalığı ilə sıx bitişir, yuxarısında 5 dişlidir. Tacı, adətən, zəngşəkillidir, yuxarısında 5 bölümlüdür. Erkəkcikləri 5-dir, sapları sərbəstdir, aşağısında enliləşmişdir. Tozluqları sıx, yanaşı düzülərək boru əmələ gətirir. Dişiciyin sütuncuğu tozluqların əmələ gətirdiyi borunun içərisindən keçir. Dişiciyin yumurtalığı alt vəziyyətdə yerləşir. Yumurtacıqların sayı çoxdur. Növündən asılı olaraq, ağızcığı 3-5 bölümlü və yumurtalığı 3-5 yuvalı olur. Meyvəsi qutucuqludur, deşiklər və ya xırda qapaqlarda açılır. Dekorativ bitkilərdir.