Cins: Datura - Dəlibəng print

Tropik və isti mülayim iqlimli ölkələrdə, xüsusən tropik Amerikada yayılan 10 növündən Azərbaycanda 3 növü məlumdur. Aran və aşağı dağ qurşağındakı rayonlarda alaq bitkisi kimi yayılmış bitkilərdəndir. Dəlibəngə həyətyanı sahələrdə, yolların kənarında, kənd və şəhərlərin ətrafında, zibilli yerlərdə təsadüf olunur. Dəlibəng birillik bitkidir, gövdəsi 80-100 sm-ə qədər hündürlüyündədir. Yarpaqları növbəli, çiçəkləri tək-tək yerləşir. Çiçəyinin saplağı qısa, üzəri tükcüklərlə örtülüdür. Kasa yarpaqları bitişərək boru əmələ gətirmişdir, yuxarısında beşdişlidir. Tacı ağ rənglidir, borusu dar, büküyü isə qıfabənzərdir, yuxarısında 5 bölümlüdür. Erkəkciyi beşdir, tacdan qısadır. Dişiciyin sütuncuğu nazik, ağızcığı 2 bölümlüdür. Meyvəsi 4 qapaqla açılan qutucuqdur, üzərindəki qapaqtikanlıdır. Toxumları böyrəkvaridir, xırda, qara rənglidir. Dəlibəngin bütün hissəsi (yarpağı, toxumu və s.) zəhərlidir. Yarpağı və toxumu təbabətdə sakitləşdirici dərman hazırlamaq üçün istifadə olunur.