Cins: Physalis - Yergiləsi print

Əsasən, tropik və subtropik ölkələrdə, xüsusən Amerikada yayılan 100-ə qədər növü var. Azərbaycanda 2 növü məlumdur ki, onlardan da biri kulturadadır. Bəzi mənbələrdə Talışda daha bir növün (Ph.angulata) yayılması göstərilsə də, sonralar bu təsdiqlənməmişdir. Yabanı növü respublikanın əksər rayonlarında, arandan orta dağ qurşağınadək, meşə və kolluqlarda, bağ və bostanlarda rast gəlinir. Digər növü Lənkəran ərazisində çay plantasiyalarında rast gəlinməsi qeyd olunur. Bu bitkilər xüsusən şişkin şarvari kasayarpağı ilə fərqlənir, o meyvənin yanında qalır və əlvan qırmızı rəngdə olur. Çoxillik otlardır. Qiymətli ərzaq, ədviyyə bitkisidir. Ondan qənnadı sənayesində, yeyinti məhsullarının boyanmasında, elmi və xalq təbabətində istifadə olunur.