Cins: Jasminum - Jasmin print

Avroasiya, Avstraliya, Afrika və Cənubi Amerikada 200-dən çox növü məlumdur. Qafqaz və Azərbaycanda yabanı florada 2 növü yayılıb. Onlara kolluqlarda, meşənin tala yerlərində, daşlı, çınqıllı yamaclarda təsadüf olunur. Bir neçə növü respublikaya introduksiya edilib və yaşıllaşdırmada geniş istifadə olunur (J. nudiflorum, J. humile). Həmişəyaşıl və ya yarpağını tökən kollardır. Çiçəkləri tək-tək yerləşir və ya zoğun ucunda süpürgə çiçək qrupuna yığılır. Yabanı növləri bir-birindən çiçəklərinin rəngi (kolvari jasmin növündən sarı, digərində ağ), yarpaq və gövdəsinin əlamətləri ilə asan seçilir. Dekorativ bitkidir, ətriyyat və kosmetik əhəmiyyəti var.