Cins: Linaria - Qurdotu print

Avroasiya, xüsusən, Aralıq dənizi ətrafı ölkələrdə, qismən Şimali Amerikada yayılan 150 növü var. Azərbaycanda 17 (19) növünə rast gəlinir. Onlar əksər rayonlarda arandan yuxarı dağ qurşağınadək (2600 m) meşə və kolluqlarda, quraq yamaclarda, çay sahillərində, bəzən əkinlərdə və sahil qumluqlarında bitir.

Birillik ot və ya yarımkol bitkilərdir. Yarpaqları tam kənarlıdır, oturaqdır, növbəli və ya dəstələrlə yerləşir. Kasacığı 5 bölümlüdür. Tacı 2 dodaqlıdır, üst dodaq 2 bölümlü, alt dodaq 3 bölümlüdür və qaidə hissəsində bal şirəsi toplanan mahmızı vardır. Tacın boğaz hissəsində alt dodaq qabarıqdır və ya qabarıqla tacın boğaz hissəsi qapanmışdır. Beləliklə, çiçəyi tozlandıran həşərat alt dodağın üzərində oturanda onu aşağı əyir və tacın boğaz hissəsi açılaraq, həşəratın nektar götürməsinə imkan yaranır. Erkəkcikləri 4-dür. Meyvəsi 2 yuvalı qutucuqdur, yuxarısında 4-6 ədəd dişciklə açılır. Dekorativ bitkidir.