Cins: Orobanche - Kəhrə və ya orabanş print

Şimal yarımkürəsinin subtropik və mülayim iqlimli ölkələrində yayılan 100-ə yaxın növü var. Hazırda Azərbaycanda bu cinsin 25 (31) növü məlumdur. Kəhrə növləri əksər rayonlarda arandan subalp qurşağadək meşə və kolluqlarda, daşlı qayalı yerlərdə yayılmışdır. Onlar mürəkkəbçiçəklilər (Artemisia, Helianthus, Xanthium, Cirsium, Picris, Centaurea, Echinops, Carduus, Tanacetum), çətirçiçəklilər (Ferula, Prangos, Eringium və b.), ətirşahçiçəklilər (Geranium), paxlalılar (Medicago, Trifolium, Lathyrus, Vicia, Genista, Coronilla və b.), boyaqotukimilər (Galium), dodaqçiçəklilər (Salvia, Thymus), fırçaotukimilər (Scabiosa, Knautia), zəngçiçəklilər (Campanula) və başqa fəsilələrdən olan bitkilərin üzərində parazitlik edirlər. Kəhrənin hər qutucuğunda 1500-2000 ədəd xırda toxumlar əmələ gəlir. Toxumları küləklə yayılır, sahib bitkiyə təsadüf etmədikdə uzun müddət torpaqda qalır və cücərmə qabiliyyətini itirmir. Kəhrənin toxumu sahib bitkinin kökünə yaxın yerdə cücərir. Toxumdan kökə tərəf uzanan uzanan sapabənzər cücərti əmələ gəlir. Cücərti kökə çatır, ona daxil olur və haustori şəklini alır. Belə kökün üzərində kəhrənin cücərtisi, ondan isə çiçəkdaşıyan zoğ və əlavə köklər inkişaf edir. Azərbaycanda təsadüf olunan kəhrə növlərindən – günəbaxan, yovşan, pıtraq növlərinin kökündə yayılan günəbaxan kəhrəsi (Orobanche cumana), yonca növlərinin kökündə yayılan qarayonca kəhrəsi (Orobanche lutea) və s. məlumdur. Kəhrə növləri bir, iki və çoxillik otlardır. Gövdəsi bəsit yaxud budaqlanan, qalınlaşan, pulcuqlarla örtülüdür. Çiçəkləri sünbül və ya salxım tipli çiçək qruplarında toplanır, çiçəkaltlıqsızdır. Tacı, adətən boruşəkilli, sarı, bönövşəyi, çəhrayı və s. rəngdədir. Növləri tacın, erkəkciyin, tozluğun əlamətləri ilə fərqləndirilir. Kəhrə növlərindən herbari toplayarkən onun parazitlik etdiyi bitkinin növ mənsubiyyəti, çiçəyin canlı halda rəngi qeyd olunmalıdır. Kəhrə növləri arasında kənd təsərrüfatı bitkilərinə (bostan, tərəvəz, paxlalı və s.) ziyan vuranları da vardır.