Cins: Solenanthus - Boruçiçək print

Avropanın dağ ekosistemlərində, Qafqaz, Orta Asiya, İran və Əfqanıstanda yayılan 15 növündən Azərbaycanda 4 növə rast gəlinir. Onlara arandan subalp qurşağınadək meşə və kolluqlarda, otlu yamaclarda, qayalar üzərində təsadüf edilir. Boruçiçək növləri lokal areala, seyrək yayılmaya malik növlərdir. S. brachystemon Talışdan təsvir olunub. S. biebersteinii Böyük Qafqazın qərbində (Zaqatala) aşkar edilib (Əsgərov, Abdullayeva, 1989). Digər növlər isə Naxçıvan və Diabardan məlumdurlar. Çoxillik, gövdə və yarpaqları tükcüklərlə örtülü, yarpaqları iri, meyvəsi lövbərli tükcüklərlə örtülü bitkilərdir. Növləri bir-birindən erkəkcik saplarının ölçüləri və kökətrafı yarpaqların xüsusiyyətləri ilə fərqləndirilir.