Cins: Echium - Göyək print

Aralıq dənizi ölkələri, Atlantik adaları və Cənubi Afrikada yayılan 50 növü məlumdur. Azərbaycanda geniş yayılan bitkidir. Əksər rayonlarda arandan orta dağ qurşağınadək (2000 m) meşə və kolluqlarda, daşlı-qayalı yerlərdə, dağ çəmənlərində, əkinlərdə, bağ və bostanlarda yayılan 4 növü var. Cinsin növləri cod tüklərlə örtülü, adətən, ikiillik bitkilərdir. Çiçəkləri sıx qıvrıma yığılır, qıvrımlar isə süpürgəyə və ya salxımabənzər çiçək qrupuna toplanır. Səciyyəvi əlamətlərdən tacın boğazında pulcuq və qırışıqların olmaması, erkəkciklərin tacdan uzun olması və tacın büküyündə bölümlərin bir boyda olmadığından tacın zəif dərəcədə qeyri-müntəzəm olduğu qeyd oluna bilər.