Cins: Atriplex - Sirkan və ya ləbədə print

Dünyanın mülayim və subtropik iqlimli ölkələrində yayılan 200-dən çox növü var. Azərbaycanda əksər aran, dağətəyi rayonlarda, bəzən orta dağ qurşağınadək yayılan 17 növə rast gəlinir. Əsasən, şoran və şorakət torpaqlarda, alaqlı və zibilli yerlərdə, bəzi növlərinə isə alaq bitkisi kimi bağlarda, bostan və əkinlərdə təsadüf olunur.

Çiçəkləri bircinslidir. Əksərən birevli bitkilərdir. Erkəkcik daşıyan çiçəklərin çiçəkyanlığı kasavaridir, erkəkcikləri 5 ədəddir. Dişicik daşıyan çiçəklərin yanlığı olmur və onlar 2 ədəd sərbəst və ya bitişmiş çiçək altlığı yarpağı ilə əhatə olunur. Dişiciyin yumurtalığı üst, ağızcığı 2 ədəddir. Meyvəsi fındıqca meyvədir. Yarpaqlarında “C” vitamini, toxumunda saponin vardır. Çoxillik növləri yanacaq kimi faydalıdır.