Cins: Chorispora - Alakülüng print

Avroasiya, Aralıq dənizi ölkələri və Qafqazda yayılan 12 növündən Azərbaycanda 2 növü məlumdur. Onlara respublikanın əksər rayonlarında aran, aşağı və az hallarda orta dağ qurşağında, quraq və gilli torpaqlı yamaclarda, əkinlərdə, bağ və tarlalarda alaq bitkisi kimi tez-tez rast gəlinir. Birillik, quraq və alaqlı yerlərdə çox rast gəlinən bitkilərdir. Gürcü alakülüngü (Chorispora iderica) növünə daha çox təsadüf olunur. Gürcü alakülüngü üzəri sadə və ya vəzili tüklərlə örtülü bitkidir. Gövdəsi budaqlanır, yarpaqlarının ayası lələkvari bölümlüdür. Kasa yarpaqları solğun rənglidir. Ləçəkləri sarı və ya sarımtıl ağ rənglidir. Ləçəklərin dırnaqcığı uzun, büküyü isə enlidir. Buynuz meyvələri açılmayandır, yastılaşmış silindirşəkillidir, bir çox yerindən eninə, kəmərə bənzər daralmışdır, yetişəndə daraldığı yerlərdən meyvəciklərə bölünür. Meyvələrinin üzəri sıx tüklərlə örtülüdür, ucu sivridir.