Cins: Matthiola - Şəbbugülü print

Avroasiya, Aralıq dənizi ölkələri və Qafqazda yayılan 50 növündən Azərbaycanda 5-6 növü vardır. Onlardan biri geniş şəkildə becərilir. Yabanı növləri çoxillik, becərilən növü isə birillik ot bitkiləridir. Yabanı növləri Azərbaycanda arandan orta dağ qurşağınadək gilli və əhəngdaşı olan süxurlara malik yamaclarda rast gəlinir. Gövdəsinin hündürlüyü 50 sm-ə qədər olub, dikduran, budaqlanan, üzəri keçə tüklərlə örtülü, bozumtul-yaşıl rəngli bitkidir. Yarpaqları lansetvari və ya uzunsov, tamkənarlıdır. Çiçəkləri seyrək çiçəkli salxım tipli çiçək qrupuna yığılmışdır. Ləçəkləri ağ və ya qırmızı rənglidir, dırnaqcığı uzundur, enli hissəsi isə tərs yumurtavaridir. Dişiciyin ağızcığı bölümlüdür. Meyvələri buynuz meyvədir. Buynuz meyvələri qalınlaşmış saplaq üzərində dik durur, yan tərəflərindən azca yastılaşmış silindrşəkillidir, arakəsməsi nisbətən qalındır, üzəri boz rəngli keçə kimi tüklüdür, iki qapaqla açılır. Yabanı növlərdən bəziləri dekorativ bitki kimi becərilə bilər.