Cins: Malus - Alma print

Avropanın mülayim iqlimli ölkələrində, Asiya və Şimali Amerikada 25-30 növü yayılmışdır. Azərbaycanda yabanı halda 1, becərilən halda isə bir neçə növünə rast gəlinir. Yabanı növü (şərq alması) bütün meşəli rayonlarda, xüsusən qırılma nəticəsində seyrəkləşmiş palıd, palıd-vələs meşələrində, çay kənarı və meşəli dərələrdə geniş yayılıb. Onun ehtiyatı çoxdur. Bir-birindən boyuna, şaxələnməsinə, yarpaq və meyvəsinin dadına, formasına, tüklülük dərəcəsinə və s. xüsusiyyətlərinə görə fərqlənən formaları vardır. Bu növ minlərlə alma sortlarının başlanğıcı hesab olunur. Alma növləri orta boylu ağaclardır. Yarpaqları tam ayalıdır, qısa saplaqlıdır. Yarpaq altlıqları tez tökülür. Ağ, ağımtıl çəhrayı və bəzən çəhrayı rəngli çiçəkləri çətir tipli çiçək qrupuna yığılır. Kasa yarpaqları 5, ləçəkləri 5, erkəkcikləri çoxdur, sarı rənglidir. Sütuncuqları 5 ədəd olub aşağı hissəsində bitişir. Meyvəsi yalançı gilə meyvədir, 5 yuvalıdır. Hər yuvasında 2 toxum olur.

Becərilən növlərdən adi alma və qızılı alma qeyd olunmalıdır. Adi alma (Malus domestica) Azərbaycanda demək olar ki, bütün rayonlarda becərilir və bəzən hətta yabanılaşmış şəkildə təsadüf olunur. Adi almanın budaqları qısalmış və uzun olmaqla fərqlənir. Qısa budaqlarda buğumlar yaxınlaşdığından buğumaraları qısalmışdır. Çiçəkləri qısalmış budaqların üzərində əmələ gəlir. Almanın çiçəklərində dişicik, adətən erkəkciklərdən tez yetişir və bu hadisəyə proteroginiya adı verilmişdir. Proteroginiya hadisəsinə bir çox bitkilərdə təsadüf olunur və bu hadisə çiçəkdə çarpaz tozlanma üçün şərait yaradır. Adi almanın meyvəsi çeşidindən asılı olaraq müxtəlif rəngli və formalı olur, ətli hissəsi isə, adətən, ağ olur. Meyvə qısa saplaqlıdır.

Qızıl alma (Malus niedzwetzkyana) Azərbaycanda bəzəkli meyvə ağacı kimi becərilir. Meyvələrinin ətli hissəsi qırmızıdır, xaricdən meyvəsi tünd qırmızı rəngli, çiçəkləri isə tünd qırmızı rənglidir. Bəzən bu növü M. silvestris növünə daxil edirlər. Bunlardan başqa Mərkəzi Nəbatat bağı və Mərdəkan dendrarisində, eləcə də Zaqatala, Quba və b. rayonlarda almanın becərilən halda M. baccata, M. floribunda, M. prunifolia, M. spectabilis, M. fusca və b. növləri rast gəlir.

Alma ağacı uzunömürlüdür, bəzən 300 il yaşayır. Toxumundan yağ alınır. Vitaminli, balverən, dərman əhəmiyyətlidir .