Cins: Rubus - Böyürtkən print

Kosmopolit areala malik cinsdir. Dünyada yayılan 250-dən çox növü var. Apomikt və hibrid mənşəli növlərlə birlikdə 500-ə yaxın növü olması qeyd olunur. Azərbaycanın əksər rayonlarında arandan subalp qurşağadək meşə və kolluqlarda, yol kənarlarında, çəpərlərdə, meşənin tala yerlərində, subalp çəmənlərində yayılır. 17 növü var (onlardan biri kulturadadır). Böyürtkən olduqca polimorf cinsdir. Belə ki, böyürtkən növlərinin əksəriyyətində birillik budaqlar üzərində yarpaqlar, çiçək daşıyan budaqlar üzərindəki yarpaqlardan fərqlənir. Odur ki, herbari toplayarkən çiçək daşıyan budaqlarla yanaşı yalnız yarpaqlı vegetativ budaqlar (turionlar) da yığılmalıdır. Bundan başqa toplanılan nüsxələrdə (canlı halda) ləçəyin erkəkcik sapının və dişiciyin sütuncuğunun rəngi etiketdə qeyd olunmalıdır. Nəhayət, üçüncü şərt toplanılan materialların bitmə şəraiti geniş yazılmalıdır.

Yuxarıda dağ qurşağında təsadüf olunan daş böyürtkən (Rubus saxatilis) növündən başqa hamısı kolşəkilli bitkilərdir. Bunların birillik zoğları üzərində yarpaqları, ikiillik budaqları üzərində isə yarpaq və çiçəkləri əmələ gəlir. Gövdə və budaqların üzərində qopar tikanları vardır, yarpaqları sadədir, barmaqvari və ya lələkvari mürəkkəb olur. Əksərən birillik budaq üzərindəki yarpaqlar çiçək daşıyan budaqlar üzərində olan yarpaqlardan fərqlənir. Məsələn, qanşirəli böyürtkən (Rubusanatolicus) növündə birillik budaqlarda yarpaq 3 ayaqcıqlı, çiçəkli budaqlarda isə 5 ayaqcıqlı olur. Yarpaq altlıqları da müxtəlif növlərdə bir-birindən fərqlənir. Məsələn, bozumtul böyürtkən (Rubus caesius) növündə yarpaq altlığı enli lansetşəkilli olduğu halda başqa növlərdə dar xətvaridir. Yarpaq və budaqların üzəri növündən asılı olaraq sıx və ya seyrək tükcüklərlə örtülü olur.

Böyürtkənin növündən asılı olaraq çiçəkləri çətir, salxım, qalxan tipli çiçək qrupuna yığılır və 1-2 çiçək olmaqla yarpaqların qoltuğunda yerləşir. Çiçəkləri saplaqlıdır. Kasa yarpaqları beşdir, ucları əksərən sivridir, geriyə doğru əyilmişdir. Ləçəkləri beşdir, bəzi növlərdə(Rubus buschii) kasa yarpaqlarından qısadır, ağ rənglidir. Başqa növlərdə isə çəhrayı, ağımtıl-çəhrayı və ya purpur rəngli olur. Erkəkcikləri çoxdur. Erkəkciklərin sapı bəzən rənglidir. Dişiciklərin sayı çoxdur və onlar qabarıq çiçək yatağında sərbəst şəkildə yerləşirlər. Bəzi növlərdə sütuncuq rənglidir. Yumurtalığın üzəri növündən asılı olaraq çılpaq (məsələn, ağımtıl böyürtkəndə - Rubus candicans və ya tükcüklərlə örtülü Buş moruğunda) olur. Yumurtalıqda bir ədəd yumurtacıq olur. Böyürtkən növlərində meyvə qabarıq, çirəli çiçək yatağı üzərində yığılmış çəyirdəklimeyvələrdir .

Azərbaycanda yayılan böyürtkən növləri 3 yarımcinsdə cəmlənir. Meyvəsindən mürəbbə, şirə, limonad hazırlanır, qurudulmuş və təzə halda yeyilir. Yaşıllaşdırmada və çəpər kimi istifadə olunur.