Cins: Fragaria - Çiyələk print

Avropa və Şimali Amerikada yayılan 8 növündən 4-ü (onlardan biri kulturada) Azərbaycanda rast gəlir. Cinsin 2 növü isə Azərbaycanın əksər rayonlarında arandan orta (bəzən yuxarı) dağ qurşağınadək meşə və kolluqlarda rast gəlinir.

Bağ çiyələyi növü (F.maqna) geniş becərilir. Çiyələk növləri sürünən gövdələrindən əlavə köklər əmələ gətirən çoxillik bitkilərdir. Sürünən gövdələrinin buğumaraları uzundur. Yarpaqları üçayaqcıqlıdır. Çiçəkləri qalxanvari çiçək qruplarına yığılır, adətən ikicinslidir. Kasacıq yarpaqları 5-dir, kasa altı yarpaqları da 5-dir. Ləçəkləri ağ rənglidir, 5-dir. Ləçəkləri ağ rənglidir, 5-dir. Erkəkcikləri və meyvə yarpaqları çoxdur. Gineseyi apokarpdır, meyvələri yetişəndə çiçək yatağı iriləşir, qırmızı rəng alır və şirinləşir. Toxumcalar iriləşmiş çiçək yatağı üzərində yerləşir və yığılmış meyvə əmələ gətirir. Çiyələyin meyvəsində başqa meyvələrə nisbətən daha çox dəmir, fosfor, şəkər, “K” və “C” vitamini olduğundan qiymətli hesab olunur. Onun meyvəsi yeyilir və ondan mürəbbə, cem hazırlanır və qənnadı sənayesində geniş istifadə olunur.