Cins: Spiraea - Topulqa print

Şimal mülayim qurşaqda və Qafqazda yayılan 100 növündən Azərbaycanda yabanı halda 2 və becərilən halda 3 növü rast gəlir. Yabanı növlər Böyük və Kiçik Qafqaz, Naxçıvan dağlıq zonasında qrup və xırda cəngəlliklər halında, quraq daşlı yerlərdə, kolluqlar arasında, seyrək palıd meşələrində, yuxarı dağ və subalp qurşağınadək yayılıb.

Azərbaycanda yayılan topulqa növləri 1m-ə qədər hündürlüyündə kollardır. Yarpaqları sadədir, növbəli düzülür, tamkənarlıdır və ya kənarı dişlidir. Çiçəkləri xırda, ağ rəngli olub, qalxan və ya çətir tipli çiçək qrupuna yığılmışdır. Kasa yarpaqları 5, ləçəkləri 5-dir, ləçək çiçək yatağının kənarına bitişir. Erkəkcikləri çoxdur. Meyvə yarpaqları 5-dir, ginesey apokarpdır. Meyvələri bir neçə toxumludur.

V.Qladkovaya (1985) görə Qafqazda və o cümlədən, Azərbaycanda dazıyarpaq topulqa növü Koçi yarımnövü (ssp.kotschyana Boiss. Gladkova) kimi qəbulu daha məqsədəuyğundur. Balverən, vitaminli, dərman, qida və dekorativ bitkilərdir .