Cins: Crataegus - Yemişan print

Əsasən, Şimal Yarımkürəsinin mülayim iqlimli ölkələrində yayılan 700-dən çox növü var. Onlardan Azərbaycanın əksər rayonlarında arandan yuxarı dağ qurşağınadək (2500) seyrək meşələrdə, kolluqlarda, quraq-daşlı çınqıllı yamaclarda, tək-tək və ya qrup halında 30 növə rast gəlinir.

Yemişan növləri budaqlı ağac və kollardır. Budaqları tikanlıdır, yarpaqları növbəli düzülür. Çiçəkləri ağ və ya çəhrayı qalxan və çətirvari çiçək qrupuna yığılır. Meyvələri ətli, xırda almaya oxşar, qırmızı, qaramtıl, 1-5 çəyirdəklidir.

Cavan yarpaqlarından dəmlənən çay xalq təbabətində və elmi təbabətdə ürək fəaliyyətini stimullaşdıran, sinir sistemini sakitləşdirən vasitə kimi istifadə olunur. O, həmçinin boya və calaqaltı kimi faydalıdır.