Cins: Thymus - Kəklikotu print

Avrasiyada (tropiklər istisna olmaqla) və Afrikada (Efiopiya, Aralıq dənizi ətrafı) yayılan 150 növü var. Th.karamarjanicus növünün arealı Gürcüstanın cənub rayonlarını da əhatə etdiyindən  Qafqaz endemi hesab edilə bilər. Kəklikotu növləri respublikanın əksər rayonlarında Kür düzündən alp qurşağadək quraq yamaclarda, daşlı-qayalı yerlərdə, alp, subalp çəmənliklərində, kolluqlar arasında, əhəngdaşlı qayalar üzərində yayılıb.

Yarımkolcuqdurlar, odunlaşmış gövdələri çox vaxt yerə sərilən və ya əyilib qalxandır. Yarpaqları bütöv, tamkənarlı, bəzən zəif dişciklidir. Kasacıq zəngşəkilli, 2 dodaqlı, dodaqlar arası ağızcığı sərt tükcüklüdür. Tacı 2 dodaqlı, qırmızı, bənövşəyi və ağımtıldır. Erkəkciyi 4 ədəddir. Meyvəsi oval fındıqcadır. Qiymətli efir yağlı, dərman, ədviyyat bitkisidir. Xalq təbabətində soyuqdəymə, mədə yarası, əsəb, ürək, göz xəstəlikləri zamanı və qurdqovucu vasitə kimi istifadə olunur. Yeyinti və ərzaq sənayesində ət, kolbasa məmulatlarının, müxtəlif içkilərin tərkibinə qatılır.