Cins: Mentha - Nanə print

Avrasiya, Şimali Afrika, Şimali və Cənubi Amerikada yayılan 20-25 növü var. Azərbaycanda əksər rayonlarda, arandan orta dağ qurşağınadək rütubətli yerlərdə, meşə və kolluqlarda, arxların, göllərin kənarlarında, bulaqların ətrafında, bağ və bostanlarda yabanı halda yayılan 5 növü məlumdur. Bir növü – nanə (M.piperita), həmçinin uzunyarpaq yarpız Azərbaycanda geniş becərilir. Xoş ətirli çoxillik, sürünən kökümsovlu ot bitkisidir, bəzən birillikdir. Yarpaqları oval, qarşı-qarşıya düzülür, kənarı dişciklidir. Tacı qıfabənzər, demək olar ki, müntəzəm, yuxarısında 4 bölümlü, çəhrayı rənglidir. Tacın üstdə yerləşən bölümü başqalarına nisbətən azca iridir, 2 ləçəyin bitişməsindən əmələ gəlmişdir. Erkəkcikləri 4 ədəd olub, təxminən bir boydadır. Tozluqları 2 yuvalıdır, sapları isə fəsilənin tacı 2 dodaqlı olan növlərindən fərqli olaraq düzdür. Meyvəsi fındıqcadır. Qiymətli ədviyyat, dərman, efir yağlı, vitaminli, balverən, yeyilən bitkilərdir.