Cins: Stachys - Poruq print

Dünyanın əksər ölkələrində yayılan 200-dən çox növü var. Azərbaycanda 21 növü yayılmışdır. Poruq növlərinə arandan subalp qurşağadək meşə və kolluqlarda, quraq daşlı, gilli yamaclarda, dağ çəmənliklərində, çay sahillərində, bağ və bostanlarda rast gəlinir. Bir, çoxillik otlar və yarımkolcuqlardır. Yarpaqları bütöv yaxud lələkvari kəsilmiş, kasacığı boruvari-zəngşəkillidir.Tacı 2 dodaqlı, alt dodağı 3 bölümlü, əsasən çəhrayı, purpur, sarımtıl, ağımtıl rəngdədir. Erkəkcikləri 4 ədəd olub, aşağıdakıları daha uzundur. Çiçəkləri dəstələrlə sünbülşəkilli çiçək qrupuna yığılır, meyvəsi üçtilli fındıqcadır. Qiymətli dərman, efir yağlı, balverən, dekorativ bitkilərdir.