Cins: Daucus - Kök print

Dünyanın əksər ölkələrində yayılan 60 növündən Azərbaycanda 2 növü yayılıb, onlardan biri kulturadadır. Yabanı kök növünə Azərbaycanda aran rayonlarından başlamış orta dağ qurşağına kimi meşələrdə, kolluqlarda, çayların ətrafında, dənizkənarı qumsal torpaqlarda, əkinlərdə təsadüf olunur. Yabanı kök öz morfoloji əlamətləri ilə becərilən yerkökü növünə çox oxşardır. Yerkökü yabanı kökdən əsas etibarilə qalınlaşmış, lətləşmiş və rəngli olan kökləri ilə fərqlənir. Yabanı və becərilən kök növlərində ancaq ikinci il gövdə, çiçək və meyvələr inkişaf edir. Yabanı kökün gövdəsinin üzəri tüklərlə örtülüdür, içərisi boşdur. Kökləri iyəbənzərdir, ağımtıl rənglidir. Çiçəkləri mürəkkəb çətir tipli çiçək qrupuna yığılmışdır. Ümumi və xüsusi sarğı yarpaqlarının sayı çoxdur. Sadə çətirdə ortada yerləşən çiçəklər müntəzəm, kənarda yerləşənlər isə ziqomorf olur. Yeyilən, ədviyyə, vitaminli (B, K, C), dərman əhəmiyyətli qiymətli bitkilərdir.