Cins: Ornithogalum - Xincalus və ya quşsüdülaləsi print

Heterogen cinsdir. Afrika, Avroasiya və Cənubi Amerika ölkələrində yayılan 200-dən çox növü var. Azərbaycanın əksər rayonlarında rast gəlinən 15 növü məlumdur. Onlar quru daşlı-çınqıllı yamaclarda arandan alp qurşağınadək müxtəlif ekoloji şəraitdə yayıla bilirlər. Soğanaqlı, çoxillik bitkilərdir. Yarpaqları kök boyuncuğu ətrafında yerləşir, çiçək daşıyan zoğları yarpaqsızdır. Çiçəkləri zoğun ucunda qalxan və ya salxımabənzər çiçək qrupuna yığılır. Ləçəkləri sərbəstdir, ağ rənglidir, arxa tərəfində yaşıl rəngli zolaq vardır. Erkəkcik sapları enliləşmiş, dişiciyin sütuncuğu sapa bənzərdir. Meyvəsi qutucuqdur. Dekorativ bitkilərdir.