Cins: Muscari - İlansoğanı print

Aralıq dənizi ölkələrində, eləcə də Avroasiya və Şimali Afrikada yayılan 30 növü var. Azərbaycanda 8 növü yayılmışdır. Onlara respublikanın bütün rayonlarında, quru yamaclarda, kolluqlarda, əkin sahələri ətrafında rast gəlinir. Soğanaqlı çoxillik bitkilərdir, yarpaqları xətvaridir. Çiçəkləri xırdadır, ayrı-ayrı növlərində göy, tünd bənövşəyi rəngdə olur. Çiçək qrupu salxım tiplidir. Çiçəkyanlığı yarpaqları bitişik, çəlləyəbənzər, 6 dişciklidir. Erkəkcikləri 6, yumurtalığı 3 yuvalı, meyvəsi 3 qapaqla açılan qutucuqdur. Çiçək qrupunun forması, rəngi, soğanaq pulcuqlarının rəngi cinsin növlərə ayrılmasında istifadə olunan əlamətlərdir.