Cins: Arctium - Atpıtrağı print

Avrasiya və Qafqazda yayılan 11 növü məlumdur. Orta Asiyanın cənub sahələrində daha geniş yayılmışdır. Azərbaycanda, əksər rayonlarda yayılan 5 növü məlumdur.

Cinsin növlərinə arandan subalp qurşağadək (2900 m) meşə və kolluqlarda, dağ çəmənlərində, çay sahili, əkin və bostanlarda, alaq bitkiləri arasında rast gəlinir. İkiillik bitkilərdir. Yarpaqları iri, ürəkvari, adətən altda keçə tükcüklü, səbətləri şarşəkillidir. Çiçəkləri yalnız boruşəkilli olub, ikicinslidir. Tacı çəhrayı, tünd qırmızı, bənövşəyi və sarı rəngli, toxumcası uzunsov, qısa kəkillidir. Atpıtrağı növləri qiymətli bitkilərdir. Onun növlərinin (xüsusən, A. lappa) köklərində polisaxaridlərdən inulin, aşı maddələri, efir yağları, protein, sitosterin, stikmasterin aşkarlanmışdır. Köklərinin zeytun və ya günəbaxan yağı ilə qarışığı başdakı kəpəyin təmizlənməsi, saçların möhkəmlənməsi üçün yaxşı vasitədir.