Cins: Onopordum - Çaqqalqanqalı print

Avrasiyada (keçmiş SSRİ-nin Avropa hissəsi, Qərbi Avropa, Kiçik Asiya, İran, Qafqaz) yayılan 25 növü var. Azərbaycanda əksər rayonlarda, arandan orta dağ qurşağınadək quraq yerlərdə, yol kənarı və əkinlərdə, meşə və kolluqlarda 2 növü geniş yayılıb. İkiillik, hündür (100 sm), ağ keçə tükcüklü bitkidir. Yarpaqları uzunsov-lansetvari, kənarı tikancıqlıdır. İri səbətlər gövdənin ucunda yerləşir. Sarğı yarpaqları tikancıqlı, kirəmidvari düzülür. Çiçəkləri boruşəkilli, tacı tünd qırmızı, toxumcası dördtilli, kəkili çox sıralı tükcüklüdür. Kökü və cavan zoğu yeməlidir, vitaminli, yağlı və balverən bitkidir.