Cins: Filago - Küllücə print

Əsasən, Aralıq dənizi ətrafı ölkələrində yayılan 40 növü var. Azərbaycanın bütün rayonlarında, arandan orta dağ qurşağınadək (bəzən 2500 m-ə qalxır) quraq gilli, daşlı, qayalı yamaclarda, kolluqlarda, əkinlərdə yayılan 4 növə rast gəlinir. Birillik, ağ keçə tükcüklü, hündürlüyü 5-30 sm olan, çox vaxt haçavari budaqlanan bitkilərdir. Yarpaqları lansetşəkillidir. Səbət çiçəkləri xırda olub, şarvari başcıqlara yığılır. Səbətdə kənarda yerləşən çiçəklər dişicikli, ensiz boruşəkilli, daxildə yerləşənlər isə ikicinsli, boruşəkilli, çox vaxt sterildir. Toxumca ovalşəkillidir. Cinsin növləri bir-birindən sarğı yarpaqlarının əlamətləri ilə fərqləndirilir.