Cins: Hieracium - Qırğıotu print

Əsasən, Şimal yarımkürəsinin soyuq və mülayim iqlimli ölkələri üçün səciyyəvi bitkilərdir. Cinsin növləri arasında intensiv təbii hibridləşmə hadisəsi baş verir.

Azərbaycanda əksər rayonlarda, arandan subalp (2500 m) qurşağınadək müxtəlif bitmə şəraitində – meşə və kolluqlarda, dağ çəmənlərində, daşlı-qayalı yamaclarda, qaya çatlarında yayılmışdır. Əsasən, iqlim şəraitindən asılı olaraq növlərin sayca respublikada şimal-qərbdən cənub-şərq istiqamətdə azalması müşahidə olunur. Çoxillik, üzəri müxtəlif dərəcədə tükcüklərlə (sadə, vəzli, ulduzşəkilli və s.) örtülü, gövdəsi yarpaqlı, bəzən yarpaqsız otlardır. Səbətlər daha çox qalxan, süpürgə, yalançı çətir tipli çiçək qruplarına yığılır. Sarğı yarpaqları, əsasən, kirəmidvari yerləşən, bəzən quruyarkən, arxaya doğru qatlanır. Səbətdə bütün çiçəklər dilcikşəkilli (az hallarda boruşəkilli çiçəklərlə qarışıq), əsasən, müxtəlif çalarlı sarı, kənardan qırmızımtıl, yuxarısında dişciklidir. Toxumcası silindrvari, 10 qabırğacıqlı, buruncuqsuz, kəkili 1-2 sırada yerləşən, sərt, sarımtıl yaxud tutqun ağ rəngli tükcüklüdür. Dekorativ, boya, dərman əhəmiyyətli bitkilərdir.