Cins: Helichrysum - Quruçiçək print

Avrasiya, Afrika, Madaqaskar, Avstraliya və Yeni Zenlandiyada yayılan 500 növü var. Azərbaycanda əksər rayonlarda, aşağı dağ qurşağından alp qurşağınadək quraq gilli, çınqıllı yamaclarda, kolluqlar arasında yayılan 11 növü məlumdur. Polimorf cinslərdəndir, növlərinin sərhədləri dəqiqləşmə tələb edir. Çoxillik otlardır. Yarpaqları uzunsov, səbət çox, lakin az (bəzən 1) çiçəklidir. Çiçəklər boruşəkilli, ikicinsli, bəzən kənarda yerləşənlər dişiciklidir. Sarğı yarpaqları quru, kirəmidvari düzülüb, müxtəlif rənglidir (ağ, sarı, çəhrayı). Toxumca xırda, kəkili sərt, kələ-kötür tükcüklüdür. Tərkibində flavonoidlər, qlikozidlər, aşı maddələri, efir yağı, piyli və qətranlı maddələr, üzvi turşular, karotin və K vitaminləri vardır. Çiçəklərindən dəmlənən çay ödqovucu dərman kimi qaraciyər və öd yolları xəstəliklərində, böyrək daşlarına qarşı içilir. Dekorativ bitkilərdir.