Cins: Carthamus - Sarıçiçək və ya yalançı zəfəran print

Aralıq dənizi ətrafı ölkələri, keçmiş SSRİ-nin Avropa hissəsinin cənubu, Kiçik Asiya, İran, Əfqanıstan və Qafqazda yayılan 30-a yaxın növü var. Bir çox xarici ölkələrdə qiymətli ərzaq, boya, texniki və s. bitki kimi becərilir. Azərbaycanda 5 növü məlumdur ki, onlardan 1-i becərilir. Azərbaycanın bütün rayonlarında, arandan orta dağ qurşağınadək quraq gilli, çınqıllı yamaclarda, alaq kimi əkinlərdə, bağ və otlaqlarda geniş yayılıb (xüsusən, C. lanatus). Bir, iki və çoxillik (Azərbaycanda əsasən birillik) bitkilərdir. Yarpaqları tikanlı, səbət çoxçiçəkli, oval formalı olub, gövdənin ucunda yerləşir. Örtük yarpaqları çoxsıralı, çiçəkləri boruşəkilli, əlvan narıncı, sarı, toxumcası oval, tilli, kəkili çoxsaylı sərt tükcüklüdür. Ərzaq , boya, yem, bəzək bitkisidir. Ondan yağ (əlif) alınır.