Cins: Lactuca - Südləmə print

Dünyanın əksər ölkələrində yayılan 150-ə yaxın növü var. Azərbaycanda cinsin 8 növünə rast gəlinir. Azərbaycanda əksər rayonlarda, arandan orta dağ qurşağınadək, daşlı, çınqıllı yerlərdə, meşə və kolluqlarda, bağ və bostanlarda yayılıb. Bir, iki və çoxillik otlardır. Gövdəsi budaqlanan, yarpaqları uzunsov, oval və başqa formalıdır. Səbət azçiçəkli, bütün çiçəkləri dilcikşəkilli, ləçəkləri sarı yaxud mavi, toxumcası buruncuqlu və kəkillidir. Qeyd olunduğu kimi, kahı adlanan növü qiymətli tərəvəz və dərman bitkisidir. Kökyanı yarpaqları yeyilir. Yarpaqlarında şəkər, uzvi turşular, karotin, B, E, C, K vitaminləri, kalsium duzu, fosfor, purin və b. maddələr var. Yarpağının şirəsindən xalq təbabətində şəkərli diabet və şiş xəstəliklərinin müalicəsində istifadə olunur.