Növ: Argusia sibirica - Sibir arquziyası print

Ona Xəzər sahili boyunca qumlu və gilli torpaqlarda təsadüf olunur. Budaqlanan kökümsova malik çoxillik bitkidir. Gövdə və yarpaqların üzəri qısa, basılmış kimi sıx və ya keçəyəbənzər tükcüklərlə örtülüdür. Gövdəsinin hündürlüyü 10-40 sm-ə qədər olur. Yarpaqları oturaqdır. Çiçəkləri qıvrım çiçək qrupuna yığılmış, onlar da öz növbəsində gövdənin ucunda qalxanvari çiçək qrupuna toplanmışdır. Kasacığı 5 bölümlüdür, meyvə yetişəndə iriləşir və meyvənin yanında qalır. Tacı qıfabənzər boru şəklindədir, sarımtıl-ağ rənglidir. Xaricdən tükcüklərlə örtülüdür, boğaz hissəsində çılpaqdır. Erkəkcikləri tacın borusuna bitişir. Dişiciyin sütuncuğu qısadır, üzəri tükcüklərlə örtülüdür, ağzı konusvaridir. Yumurtalığı tamdır. Meyvəsi 2 meyvəciyə bölünür, çəyirdəkli meyvəyə bənzəyir. Çiçəyindən alınan yağ ətirlidir və parfümeriyada istifadə üçün yararlıdır.