Cins: Allium - Soğan print

Azərbaycanın yabanı bitki örtüyündə cinsin 42 növünə rast gəlinir. Adi soğan (A. cepa), sarımsaq (A. sativum), kəvər (A. porrum) növləri qiymətli qida və ədviyyə bitkiləri kimi becərilir.

Təbii halda soğan növlərinə Azərbaycanın bütün rayonlarında quru və otlu yamaclarda, meşə və kolluqlarda, çəmənlərdə, əkin sahələrində təsadüf olunur. Ekoloji baxımdan arandan alp qurşağına qədər müxtəlif bitmə şəraitində yayıla bilirlər. Bir neçə növü isə kiçik areala malik olub, Azərbaycan üçün endem hesab olunurlar (A. lenkoranicum, A. mariae, A. materculae, A. woronowii, A. leonidii).

Soğan cinsinin növləri soğanaqlı bitkilərdir, bəzilərində soğanaqdan əlavə kökümsov da əmələ gəlir. Yarpaqları xətvari və ya boruşəkilli, bəzən lətləşmiş olur. Soğanaqları pərdəşəkilli pulcuqlarla örtülüdür. Çiçəkləri gövdənin ucunda çətir çiçək qrupuna yığılır. Çiçək açılana qədər pərdəşəkilli örtük yarpaqla əhatə olunur. Çətir açıldıqdan sonra örtük yarpağı tökülür və ya çətirin yanında qalır. Çiçəkyanlığı 6, sərbəst və ya qaidəsində qismən bitişmiş olur. Erkəkciklərin sapı əksərən enliləşmiş olur. Yumurtalığı 1-3 yuvalıdır, meyvəsi qutucuqdur.

Cinsin növlərini təyin edərkən erkəkcik sapının forması, çətirin forması və onu təşkil edən çiçəklərin sayı, çiçəkyanlığının forması, yarpağın forması, soğanaqcığın rəngi və başqa bu kimi əlamətlərdən istifadə olunur.

Soğanın tərkibində B, C, P vitaminləri vardır. Mikroorqanizmləri öldürmək qabiliyyətinə malik olan sarımsaq yağından bir sıra xəstəliklərin müalicəsi üçün istifadə olunan dərman preparatları alınır (məsələn, allilqliser, allilfep və s.). Xalq təbabətində soğan və sarımsaq növlərindən daha çox istifadə olunur.